“Hər şeydən yüksəkdir sözün məqamı”

 

   İyunun 5-də Teatr Xadimləri İttifaqında görkəmli sənətkar, qiraət ustası, Əməkdar artist Müxlis Cənizadənin 85 illik yubileyinə həsr olunmuş “Hər şeydən yüksəkdir sözün məqamı” adlı bədii qiraət müsabiqəsinə yekun vuruldu, qaliblər mükafatlandırıldı.

  

   Gecəni Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq unudulmaz aktyor Müxlis Cənizadənin həyat və yaradıcılığından danışdı. Bildirildi ki, Müxlis Cənizadə bir neçə filmdə epizodik, amma yaddaqalan rollar oynayıb. Sənətkar bədii qiraət ustası kimi şöhrət tapıb, istedadlı pedaqoq kimi aktyor nəslinin yetişməsinə mühüm töhfələr verib. Onun tələbələri - Həsənağa Turabov, Mikayıl Mirzə, Səməndər Rzayev, Rasim Balayev, Könül Axundova və onlarca başqaları sənətdə öz sözünü deyiblər.

   Azər Paşa Nemətov birinci bədii qiraət müsabiqəsinin Həsən Əbluca, bu il isə Müxlis Cənizadəyə həsr edildiyini bildirdi və qeyd etdi ki, gələn il müsabiqə Kazım Ziyaya həsr olunacaq.

   Bədii qiraəti incəsənətin ən çətin sahələrindən hesab etdiyini deyən Xalq artisti münsiflər heyətinin üzvlərinə və müsabiqədə iştirak edən hər kəsə təşəkkürünü bildirdi: “Mən müsabiqənin sədri, bədii qiraət ustası Əminə Yusifqızına və bu il münsiflər heyətində iştirak edən bədii qiraət ustası Ağalar Bayrama xüsusi təşəkkürümü bildirirəm ki, müsabiqədə ən layiqli iştirakçıların üzə çıxmasına imkan yaratdılar”.

   Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Rahib Əliyev qalibləri təbrik etdi. Münsiflər heyətinin sədri, Xalq artisti Əminə Yusifqızı “Hər şeydən yüksəkdir sözün məqamı” müsabiqəsinin qaliblərini elan etdi.

   Beləliklə, iştirakçıların intizarla gözlədikləri an yetişdi. Ustad sənətkar Müxlis Cənizadənin xatirəsinə həsr olunmuş “Hər şeydən yüksəkdir sözün məqamı” bədii qiraət müsabiqəsində Güşvər Şərifova I, Nəsimi Məmmədzadə II, Aygün Fətullayeva III dərəcəli diplomla və pul mükafatı ilə təltif olundu. Müsabiqənin xüsusi diplomu Zəminə Ağaverdiyevaya təqdim edildi.

   Sumqayıt Dövlət Musiqili Dram Teatrını təmsil edən Zaur Şirinov və Səadət Mirzəbəyova, Salyan Kukla Teatrından Rauf Həsənov, Mingəçevir Dövlət Dram Teatrından İlahə Bayramova və Goranboy Xalq Teatrından Asəf Cəfərov müsabiqənin diplomları ilə təltif olundular.

   Mərasimin sonunda bədii qiraət ustaları Əminə Yusifqızı və Ağalar Bayram poeziyamızın gözəl nümunələrini səsləndirdilər.

  

   Təranə Vahid

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 4.